“SAFER-AZ” proqramı çərçivəsində İlk Yardım təlimçilərinin təkmilləşdirmə təlimi uğurla başa çatmışdır

Əsas səhifə / XƏBƏRLƏR / “SAFER-AZ” proqramı çərçivəsində İlk Yardım təlimçilərinin təkmilləşdirmə təlimi uğurla başa çatmışdır

 Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AQAC) və Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının (BQXQAF) birgə təşkilatçılığı ilə icra olunan “SAFER-AZ Proqramı: Proqnozlaşdırma, Erkən Fəaliyyət və Dayanıqlığın Gücləndirilməsi” çərçivəsində İlk Yardım təlimçiləri üçün nəzərdə tutulmuş beşgünlük intensiv təkmilləşdirmə təlimi öz işini müvəffəqiyyətlə yekunlaşdırmışdır. Təlimin son günü həm peşəkar biliklərin nümayişi, həm də komanda ruhunun yüksək səviyyədə hiss olunduğu unudulmaz anlarla yadda qalmışdır.

Yekun günün ilk hissəsi təlimçilərin pedaqoji və psixoloji bacarıqlarının artırılmasına yönəlmişdir. İştirakçılar effektiv qrup idarəetməsi üçün fundamental hesab olunan "Qrupun inkişaf mərhələləri" mövzusunu dərindən analiz etmişlər. Təlimçilərin gələcəkdə keçəcəkləri kurslarda auditoriya ilə düzgün kommunikasiya qurması, qrupdaxili dinamikanı idarə etməsi və böhran anlarında qrupu istiqamətləndirməsi üçün lazımi metodoloji alətlər praktiki tapşırıqlarla mənimsənilmişdir.

Günün ən məsuliyyətli və maraqlı hissəsi isə AQAC-ın seçilmiş İlk Yardım təlimçiləri və təlimatçılarının təqdimatında keçirilən yekun master-klasslar olmuşdur. İştirakçılar "Əsas İlk Yardım" kursunun ən kritik mövzuları üzrə öz bilik və bacarıqlarını nümayiş etdirmişlər. Həyat qurtaran müdaxilələr, qanaxmaların dayandırılması, travmalar zamanı ilkin davranış və reanimasiya tədbirləri üzrə real ssenarilərə əsaslanan simulyasiyalar icra olunmuşdur. Hər bir təlimçi innovativ tədris metodlarından istifadə edərək yüksək hazırlıq səviyyəsi nümayiş etdirmiş və beynəlxalq standartlara uyğun təlim keçmək potensialını sübuta yetirmişdir.

Təlimin rəsmi bağlanış hissəsində beş günlük gərgin, lakin məhsuldar əməyin nəticələri müzakirə olunmuş, əldə edilən uğurlar və gələcək fəaliyyət planları qiymətləndirilmişdir. Çıxış edən rəsmilər bu təlimin ölkə daxilində icma dayanıqlığının artırılmasında və fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsində strateji əhəmiyyətini vurğulamışlar.

Tədbirin ən həyəcanlı anı isə sertifikatların təqdimetmə mərasimi olmuşdur. Təlimi müvəffəqiyyətlə başa vuran və peşəkarlıq statusunu təsdiqləyən hər bir İlk Yardım təlimçisinə rəsmi sertifikatlar təqdim edilmişdir.
 Bu genişmiqyaslı humanitar təşəbbüsün reallaşmasında xidmətləri olan proqram təsisçilərinə — Azərbaycan Qızıl Aypara Cəmiyyətinin və Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının rəhbərliyinə, eləcə də təlimin ekspert heyətinə humanitar missiyaya verdikləri böyük dəstəyə görə dərin təşəkkürlər bildirilmişdir.
 Eyni zamanda, beş gün boyunca yüksək motivasiya və maraq nümayiş etdirən, cəmiyyətin təhlükəsizliyi və maarifləndirilməsi naminə çalışan iştirakçılara və ilk yardım təlimçilərinə minnətdarlıq bildirilmişdir. Qeyd olunuşdur ki, qazanılmış bu yeni biliklər  həyatların xilas edilməsində və ölkənin fəlakətlərə qarşı dayanıqlığının güclənməsində mühüm rol oynayacaqdır.