Fuad Məmmədovun 80 illik yubileyi

Əsas səhifə / XƏBƏRLƏR / Fuad Məmmədovun 80 illik yubileyi

2026-cı il oktyabrın 21-də Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) Baş Qərargahında tanınmış kulturoloq, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədri, "Simurq" Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti professor Fuad Məmmədovun 80 illik yubileyi münasibətilə tədbir keçirilib.
 
Tədbirdə ilk olaraq Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, Milli Məclisin deputatı Novruz Aslanov çıxış edərək Fuad Məmmədovun elmi yaradıcılığından və həyatın maraqlı məqamlarından söz açdı, əlamətdar yubileyi münasibətilə təbrik edib, ona möhkəm cansağlığı, uzun ömür və gələcək fəaliyyətində uğurlar arzulayıb.
 
Novruz Aslanov humanizm və mərhəmət anlayışları ətrafında fikirlərini bölüşərək bu dəyərlərin insan həyatında və cəmiyyətin inkişafında mühüm rolunu vurğulayıb. O, mərhəmətin Azərbaycan Qızıl Aypara Cəmiyyətinin fəaliyyətinin əsasını təşkil etdiyini qeyd edərək, bu dəyərlə mədəniyyət arasında sıx əlaqənin olduğunu diqqətə çatdırıb. Fuad Məmmədovun kulturologiya ilə bağlı düşüncələri kontekstində humanizmin, mənəvi dəyərlərin və insanlara qayğının cəmiyyətin formalaşmasındakı əhəmiyyəti xüsusi vurğulanıb.
 
Görüş çərçivəsində Fuad Məmmədov Azərbaycanda kulturologiyanın formalaşması və inkişaf yolu, bu sahənin cəmiyyətin mənəvi və mədəni həyatındakı rolu barədə fikirlərini iştirakçılarla bölüşüb. O, mədəniyyətin yalnız incəsənət və elmlə məhdudlaşmadığını, eyni zamanda insanın dünyagörüşünü, davranışını və cəmiyyətlə münasibətlərini formalaşdıran mühüm amil olduğunu qeyd edib.
 
Fuad Məmmədov ona göstərilən diqqətə, səmimi münasibətə və ünvanlanan təbriklərə görə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin rəhbərliyinə və tədbir iştirakçılarına təşəkkürünü bildirib.
 
Tədbirin sonunda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin vitse-prezidenti Qafar Əsgərzadə çıxış edərək Fuad Məmmədovu 80 illik yubileyi münasibətilə təbrik edib. O, yubilyarla uzun illərə söykənən tanışlığından bəhs edərək onun zəngin elmi və intellektual fəaliyyətini, əldə etdiyi nailiyyətləri və kulturologiya sahəsinə verdiyi töhfələri yüksək qiymətləndirib. Qafar Əsgərzadə Fuad Məmmədova möhkəm cansağlığı, uzun ömür və gələcək fəaliyyətində yeni uğurlar arzulayıb.

Sonda yubilyara xatirə hədiyyələri təqdim olunub. Səmimi şəraitdə keçən görüş xoş arzular və qarşılıqlı hörmət ifadəsi ilə yekunlaşıb.