SAFER-AZ layihəsi üzrə görüş

Əsas səhifə / XƏBƏRLƏR / SAFER-AZ layihəsi üzrə görüş

2026-cı oktyabrın 21-də Bakıda, “Hyatt Regency” hotelinin Nizami zalında Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) və Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının (BQXQAF) birgə həyata keçirdiyi “SAFER-AZ və ya Azərbaycanda Təhlükəsiz İcmalar: Proqnozlaşdırma, Erkən fəaliyyət və hazırlıq imkanlarının təkmilləşdirilməsi” layihəsi üzrə Vətəndaş Cəmiyyəti Təşkilatları (VCT) və  Qeyri-Hökümət Təşkilatları (QHT) ilə məlumatlandırma görüşü keçirilib.

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “SAFER-AZ proqramı: Azərbaycanda təhlükəsiz icmalar – Proqnozlaşdırma, Erkən fəaliyyət və Dayanıqlılığın gücləndirilməsi” AzQAC və Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının (BQXQAF) birgə tərəfdaşlığı çərçivəsində həyata keçirilir.

Tədbirdə humanitar fəaliyyət, mina təhlükəsizliyi, sosial müdafiə, gənclər, qadın inkişafı və əlilliyi olan şəxslərin inklüzivliyi sahələrində çalışan VCT, QHT-lərin rəhbər və nümayəndələri iştirak edib. Görüşün məqsədi layihənin hədəflərini təqdim etmək, potensial əməkdaşlıq platformalarını müzakirə etmək və təşkilatların bu sahədəki təcrübəsindən faydalanmaq olub.
Giriş sözləri ilə çıxış edən AzQAC-ın və Beynəlxalq Federasiyanın rəhbər heyəti tərəfindən qlobal səviyyədə artan iqlim dəyişiklikləri, fəlakət riskləri, mina təhlükəsizliyi məsələlərinin humanitar qurumların qarşısında yeni çağırışlar yaratdığını bildirmişlər. Bu çağırışlara yalnız güclü tərəfdaşlıq şəbəkəsi ilə cavab verməyin mümkün olduğu vurğulanıb. Layihənin təməl yanaşması fəlakət baş verdikdən sonra reaksiya verməkdən çox, fəlakətdən əvvəl proqnozlaşdırma, erkən xəbərdarlıq və erkən fəaliyyət imkanlarını qurmaqdır. Məqsəd insan tələfatını və dəyən zərəri minimuma endirməkdir.
Çıxışlarda qeyd edilib ki, SAFER-AZ layihəsinin 2026–2027-ci illər üzrə fəaliyyət planı çərçivəsində Fövqəladə Hallar Nazirliyi ilə koordinasiya və razılaşdırma təmin edilib. Bu çərçivədə ölkənin müxtəlif coğrafi və risk profillərini əks etdirən ilk 6 rayon müəyyən olunub: Qax, Tovuz, Siyəzən, İsmayıllı, Kürdəmir və Beyləqan. Layihə  koordinasiya və razılaşdırmanı nəzərdə tutur. Bu ərazilərdə yerli əhali ilə sıx təmasda olan VCT-ın və QHT-lərin prosesdəki rolu vacibdir.

Tədbirin davamı olaraq Beynəlxalq Federasiyanın nümayəndələri 3 təqdimat edib:
- SAFER-AZ təşəbbüsü: layihənin məqsədi, istiqamət və gözlənilən nəticələri barədə məlumatlar; 
- EVCA və ya icmaların həssaslıq və potensialının qiymətləndirilməsi metodologiyası;
- “Hamı üçün erkən xəbərdarlıq” (EW4ALL) təşəbbüsü: təşəbbüsün əsas prinsipləri haqqında məlumatlar.

Təqdimatlardan sonra sual-cavab sessiyası keçirilib. İştirakçılar ilk yardım, psixoloji ilk yardım, risk kommunikasiyası və icma səviyyəsində hazırlıq mövzularında potensiallarını necə birləşdirə biləcəkləri barədə fikir mübadiləsi aparıblar. Müzakirələr zamanı əhalinin müxtəlif təbəqələrinin əhatə edilməsi, məlumatların təqdimatında yeni metodologiyalarının istifadə olunması, aktual mövzuların təqdimatı, bilik və bacarıqlarla bölüşmək arzusu və hazırlığı qeyd olunmuşdur.

Təşkilatçılar bildiriblər ki, görüş məlumatlandırma və ilkin koordinasiya xarakteri daşıyır. Yekun əməkdaşlıq seçimləri hər təşkilatın coğrafi əhatəsi, mövcud resursları və layihənin real ehtiyacları nəzərə alınmaqla şəffaf şəkildə müəyyənləşdiriləcək.

AzQAC və Beynəlxalq Federasiyanın nümayəndələri dövlət qurumları, vətəndaş cəmiyyəti təşkilatları və QHT-lər arasında qurulacaq koordinasiya modelinin Azərbaycanda fəlakət risklərinin azaldılması sahəsində nümunəvi platformaya çevriləcəyinə əminliklərini ifadə etdilər.
Tədbir xatirə şəklinin çəkilməsi ilə yekunlaşıb.