‘’Təbii fəlakətlər zamanı Gənc könüllülərin rolu'' təlimi

Əsas səhifə / XƏBƏRLƏR / ‘’Təbii fəlakətlər zamanı Gənc könüllülərin rolu'' təlimi

30 oktyabr 2026-cı il tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Baş ofisində gənc könüllülər üçün “Təbii fəlakətlər zamanı Azərbaycan Qızıl Aypara Cəmiyyətinin rolu” mövzusunda maarifləndirici təlim keçirilib.

Təlimin əsas məqsədi gənc könüllülərin təbii fəlakətlər, onların yaratdığı təhlükələr, fövqəladə hallar zamanı davranış qaydaları və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin bu sahədə həyata keçirdiyi humanitar fəaliyyətlər barədə bilik və bacarıqlarının artırılması olub.

Təlim zamanı iştirakçılara zəlzələ, daşqın, torpaq sürüşməsi, sel və digər təbii fəlakətlərin insanların həyatına və yaşayış şəraitinə təsiri, belə hallarda vaxtında və düzgün müdaxilənin əhəmiyyəti barədə ətraflı məlumat verilib.

Bununla yanaşı, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin təbii fəlakətlər zamanı həyata keçirdiyi humanitar fəaliyyətlər, zərərçəkmiş əhaliyə göstərilən yardım, ilkin ehtiyacların müəyyənləşdirilməsi, humanitar dəstəyin təşkili və könüllülərin bu prosesdə rolu diqqətə çatdırılıb.

Təlim çərçivəsində gənc könüllülərin fövqəladə vəziyyətlərdə məsuliyyətli davranışı, komanda şəklində fəaliyyət göstərməsi, operativ məlumatlandırma, zərərçəkmiş insanlara psixososial dəstəyin göstərilməsi və humanitar prinsiplərə riayət olunmasının vacibliyi vurğulanıb.

İştirakçılar mövzu ətrafında fikir mübadiləsi aparıb, onları maraqlandıran sualları ünvanlayıb və təbii fəlakətlər zamanı könüllülərin üzərinə düşən vəzifələrlə bağlı biliklərini genişləndirmək imkanı əldə ediblər.

Qeyd edək ki, könüllülərin bilik və bacarıqlarının artırılması, onların fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsi və humanitar fəaliyyətlərdə fəal iştirakının təşviqi Azərbaycan Qızıl Aypara Cəmiyyətinin fəaliyyət istiqamətləri baxımından mühüm əhəmiyyət daşıyır.

Bu kimi təlimlər gənclərdə humanitar dəyərlərin, həmrəylik, məsuliyyət və yardımsevərlik hisslərinin gücləndirilməsinə, eləcə də fəlakətlərə qarşı daha hazırlıqlı və dayanıqlı cəmiyyətin formalaşmasına töhfə verir.
Tədbirdə Qızıl Aypara Cəmiyyətinin İcraçı katibin müavinləri Xalidə İsgəndərov və Məmməd Kətanov iştirak etmişdir.