İsmayıllı rayonunun Cülyan və Xanagah kəndlərində SAFER-AZ proqramı çərçivəsində görüş keçirilib

Əsas səhifə / XƏBƏRLƏR / İsmayıllı rayonunun Cülyan və Xanagah kəndlərində SAFER-AZ proqramı çərçivəsində görüş keçirilib

2026-cı il oktyabrın 30-da Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) və Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının (Beynəlxalq Federasiya) birgə həyata keçirdiyi “SAFER-AZ proqramı: Azərbaycanda təhlükəsiz və dayanıqlı icmalar – Proqnozlaşdırma, Erkən fəaliyyət və Dayanıqlılığın gücləndirilməsi” çərçivəsində İsmayıllı rayonunun Cülyan və Xanaqah kəndlərinə səfər təşkil olunub. Səfər zamanı kənd icra və bələdiyyə nümayəndələri, icma təmsilçisi ilə görüş keçirilib. Heyətə AzQAC Baş Qərargahın və Beynəlxalq Federasiyanın nümayəndələri ilə yanaşı AzQAC-ın İsmayıllı rayon bölmə sədri də qatılıb.
Görüşün əvvəlində səfərin məqsədi izah edilib, proqramın AzQAC və Beynəlxalq Federasiya tərəfindən birgə icra ediliməsi və əsas hədəfləri bildirilib. 
İsmayıllı rayonunun seçilməsi Fövqəladə Hallar Nazirliyinin (FHN) və seçilmiş kəndlər İsmayıllı rayonunun icra hakimiyyətinin tövsiyəsinə əsaslanır, çünki bu bölgə tez-tez sel, torpaq sürüşmələri və meşə yanğınına məruz qalır. 
Görüş zamanı məlumat üçün bu zamana qədər layihə çərçivəsində atılan addımlar qeyd edilib:
• Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, ANAMA təşkilatı ilə görüşlər,
• İsmayıllı rayon icra hakimiyyəti ilə görüşlər,
• Təlimlərin təşkil olunması
Əsasən heyət tərəfindən icra nümayəndəliyinə icma əsaslı qrupların yaradılmasında dəstək olmaları üçün müraciət edilib. Bu çərçivədə aşağıdakı məsələlərin birgə müzakirə edilməsi təklif olunub:
• icma üzvləri ilə (15-20 nəfər) görüşlərin təşkili və onların qarşılaşdığı problemlərin müzakirəsi,
• layihənin təqdimatı, risklərin qiymətləndirilməsi haqqında anlayışın verilməsi,
• fəlakətlərə hazırlıq tədbirləri, erkən xəbərdarlıq sistemləri haqqında ümümi müzakirə,
• icmanın texniki ehtiyacları,
• icma üzvlərinin rollarının müəyyənləşdirilməsi.
Eyni zamanda qeyd edilib ki, qruplara qoşulmaq üçün heç bir məhdudiyyət yoxdur. Əsas hədəf hər bir fərdin fəlakətlərə hazırlıqlı olması və sonrakı addımları düzgün planlaşdırmasıdır.
Məsələ yerli icra və bələdiyyə nümayəndələri tərəfindən böyük maraqla qarşılanmış və lazımi dəstəyin göstəriləcəyi ifadə olunmuşdur. Əhalinin fəlakətlərdən öncə hazırlıqlı və düzgün məlumatlandırılması mümkün fəsadların minimuma endirilməsində və çətinliklərin yüngülləşdirilməsində həlledici rol oynayır.
Görüşün sonunda iştirakçılar fəlakətlərin qarşısını almağın hər zaman mümkün olmadığını, lakin onlara qabaqcadan hazırlaşmağın vacibliyini yekdilliklə vurğuladılar. Həm Azərbaycan Qızıl Aypara Cəmiyyəti, həm də Beynəlxalq Federasiya bu istiqamətdə atılan hər bir addımı tam dəstəkləməyə hazır olduqlarını bildiriblər.