AzQAC-ın "İlkin Psixoloji Yardımın (İPY) əsasları" təlimi

Əsas səhifə / XƏBƏRLƏR / AzQAC-ın "İlkin Psixoloji Yardımın (İPY) əsasları" təlimi

2026-cı il noyabrın 2-də “SAFER-AZ proqramı: Azərbaycanda təhlükəsiz və dayanıqlı icmalar – Proqnozlaşdırma, Erkən fəaliyyət və Dayanıqlılığın gücləndirilməsi” çərçivəsində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) könüllüləri və işçiləri üçün keçirilən bir günlük "İlkin Psixoloji Yardımın (İPY) əsasları" təlimi uğurla həyata keçirilib. Təlim Bakıda, Hyatt Regency otelində təşkil edilmişdir. Təlimin əsnasında iştirakçılara böhran anlarında psixoloji dəstək göstərmək üçün fundamental bacarıqlar aşılanmışdır.
 
Məlumat üçün bildirmək istərdik ki, SAFER-AZ proqramı AzQAC və Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası (Beynəlxalq Federasiya) tərəfindən birgə Avropa Birliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.
 
Fövqəladə hallar, humanitar böhranlar və gözlənilməz fəlakətlər zamanı insanlara təkcə fiziki deyil, həm də mənəvi və psixoloji dəstək göstərmək həyati vacib əhəmiyyət kəsb edir. Beləliklə təlim humanitar sahədə çalışan heyətin böhran vəziyyətində olan insanlarla düzgün kommunikasiya qurması və onlara ilkin psixososial dəstək verməsi üçün zəruri alətləri mənimsətmək məqsədi daşımışdır.
 
Tədbir iştirakçıların tanışlığı və təlimdən gözləntilərin müzakirəsi ilə başlamışdır. İlk sessiyalarda təlimin üzrə aparıcı mütəxəssis, Beynəlxalq Federasiyanın Psixososial Dəstək üzrə Məsləhətçi Olga Rusakova  İPY-nin fundamental tərifini verməklə yanaşı, eyni zamanda iştirakçılara interaktiv qaydada biliklərinin istifadə və biruzə olunması üçün hərtərəfli şarait yaratmışdır. Könüllülərə stress şəraitində olan şəxslərin keçirdiyi emosional və fiziki mərhələləri anlamaq barədə mühüm nəzəri biliklər ötürülmüşdür. Təlim  əsnasında fərdlərin böhran hallarına və stressə qarşı göstərdiyi müxtəlif reaksiyalar ətraflı şəkildə analiz olunmuşdur.
 
Təlimin özəyini İlkin Psixoloji Yardımın üç əsas hərəkət prinsipi təşkil etmişdir:
·       Diqqət yetir: Təhlükəsizliyin qiymətləndirilməsi, təcili aşkar ehtiyacları olan və şiddətli distress reaksiyaları göstərən insanların müəyyən edilməsi;
·       Dinlə: Ehtiyac sahiblərinə yaxınlaşma, onların ehtiyac və narahatlıqlarını soruşma, həmçinin onları sakitləşdirmək üçün fəal dinləmə metodlarının tətbiqi;
·       Əlaqələndir: İnsanlara əsas ehtiyaclarına (su, qida, sığınacaq) çatmaqda kömək etmə, yaxınları ilə əlaqə qurmalarını təmin etmə və onları rəsmi dəstək mexanizmlərinə yönləndirmə.
Günün ikinci yarısında öyrənilən nəzəri biliklər real hadisə ssenariləri üzərində praktiki tətbiq və simulyasiyalarla möhkəmləndirilmişdir. İştirakçılar böhrana və stressə qarşı göstərilən mürəkkəb reaksiyalar zamanı necə davranmalı olduqlarını qrup işlərində sınaqdan keçirmişlər. Eyni zamanda, “Dəstəyi hiss et” adlı xüsusi məşq vasitəsilə empatiya bacarıqları artırılmışdır. Təlimdə həmçinin böhranlardan ən çox təsirlənən həssas qrup olan uşaqlar üçün İPY-nin spesifik xüsusiyyətləri ayrıca mövzu olaraq keçilmiş, uşaqlarla yaş qruplarına uyğun qurulmalı olan kommunikasiya strategiyaları müzakirə edilmişdir.
 
Başqalarına kömək edərkən tükənməmək və psixoloji dayanıqlığı qorumaq, İPY-nin ən mühüm şərtlərindən biridir. Bu səbəbdən proqramın yekun hissəsi "Özünə qayğı" mövzusuna həsr olunmuşdur. Könüllü və işçilərin öz stress səviyyələrini idarə etməsi, humanitar fəaliyyət zamanı psixoloji gigiyenanı qoruması və ikincili travmalardan yayınması üçün effektiv metodlar tədris edilmişdir.
 
İntensiv və interaktiv keçən tədbir günün sonunda iştirakçılar tərəfindən təlimin qiymətləndirilməsi aparılmış və qazanılan vərdişlərin sahə fəaliyyətində tətbiqi imkanları barədə rəylər dinlənilmişdir.
 
AzQAC-ın şəbəkəsi bu təlim sayəsində böhran anlarında icmalara daha effektiv, humanist və peşəkar səviyyədə dəstək verməyə hazır olan növbəti bir qrup mütəxəssis qazanmışdır.