ADPU-da elmi seminar keçirilib

Əsas səhifə / XƏBƏRLƏR / ADPU-da elmi seminar keçirilib

2026-cı il noyabrın 4-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Ümumi Pedaqogika” kafedrasının təşkilatçılığı ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə birgə (AzQAC) “Gənclərin vətənpərvərlik tərbiyəsində sosial-humanitar fəaliyyətin rolu” mövzusunda elmi  seminar keçirilib.

Tədbiri giriş sözü ilə açan “Ümumi Pedaqogika” kafedrasının müdiri,  dosent Fəridə Xudiyeva ilk dəfə elmi seminarın nəzəriyyə ilə təcrübənin vəhdəti şəraitində keçirildiyini önə çəkərək, bu mövzunun aktuallığından söz açmış, AzQAC-a minnətdarlıq ifadə etmişdir.
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin vitse-prezidenti, əməkdar jurnalist, pedaqogika üzrə fəlsəfə doktoru, dosent  Qafar Əsgərzadə elmi  seminarda geniş məruzə ilə çıxış etmişdir. Məruzəçi gənclərin vətənpərvərlik ruhunda formalaşmasında sosial-humanitar fəaliyyətin rolundan bəhs edib. O, xüsusilə AzQAC-ın bu sahədə fəaliyyətinin pedaqoji proseslə əlaqələrini vurğulayıb.
Qafar Əsgərzadə həmçinin, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının, AzQAC-ın  yaranma tarixi, fəaliyyəti və əsas prinsipləri, eləcə də gənclərin vətənpərvərlik tərbiyəsində sosial-humanitar fəaliyyətin əhəmiyyəti barədə ətraflı məlumat verib.
Daha sonra Azərbaycan Qızıl Aypara Cəmiyyətinin icraçı katibinin müavini Səbinə Məhbubi-İran sosial-humanitar fəaliyyətin Qızıl Aypara Cəmiyyətinin yanaşmasında əhatə etdiyi əsas istiqamətlərdən danışıb, bu sahədə həyata keçirilən fəaliyyətlər və təşəbbüslər barədə məlumat verib. O, həmçinin ilk yardım üzrə könüllülərlə praktiki nümayiş keçirərək ilkin yardım bilik və bacarıqlarının gündəlik həyatda əhəmiyyətini diqqətə çatdırıb.
Seminar iştirakçıların mövzu ətrafında fikir mübadiləsi aparması, suallarının cavablandırılması və müzakirələrlə davam etdirilib.
Məruzələr ətrafında çıxış edən P.ü.f.d, dos. Sahilə Orucova, müəllimlər Pakizə Cavadzadə, Ramilə İsmayılxanova, Gülər Nuriyeva gənclər arasında humanitar dəyərlərin təşviqi, könüllülük fəaliyyətinə marağın artırılması, eləcə də onların vətənpərvərlik ruhunda formalaşmasında sosial-humanitar fəaliyyətin əhəmiyyətindən söz açaraq, belə tədbirlərin mütəmadi olaraq keçirilməsinin vacibliyi önə çəkilib.

Seminarda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşları və könüllüləri, eləcə də universitetin kafedra müdirləri, professor-müəllim heyəti, doktorantlar, magistrantlar və tələbələr iştirak ediblər.