2026-cı il noyabrın 5-də
“SAFER-AZ proqramı: Azərbaycanda təhlükəsiz və dayanıqlı icmalar –
Proqnozlaşdırma, Erkən fəaliyyət və Dayanıqlılığın gücləndirilməsi”
çərçivəsində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) könüllüləri və
işçiləri (Bərdə RB, Tərtər RB, Ağdam RB, Fizuli RB) üçün keçirilən növbəti bir
günlük "İlkin Psixoloji Yardımın (İPY) əsasları" təlimi uğurla həyata
keçirilib. Təlim Bərdədə, “Şuça” otelində təşkil edilmişdir. Təlimin əsnasında
iştirakçılara böhran anlarında psixoloji dəstək göstərmək üçün fundamental
bacarıqlar aşılanmışdır. Məlumat üçün bildirmək
istərdik ki, SAFER-AZ proqramı AzQAC və Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara
Cəmiyyətləri Federasiyası (Beynəlxalq Federasiya) tərəfindən birgə Avropa
Birliyinin maliyyə dəstəyi ilə həyata keçirilir. Bundan öncə olan
təlimdəki kimi tədbir iştirakçılarına tanışlığ və təlimdən gözləntilərin ifadə
olunması üçün imkan yaradılmışdır. İlk sessiyalarda aparıcı mütəxəssis Olga
Rusakova (Beynəlxalq Federasiyanın psixososial dəstək üzrə məsləhətçisi)
İPY-nin tərifini vermiş, iştirakçıların biliklərini interaktiv şəkildə tətbiq
etməsinə şərait yaratmış, könüllülərə stress yaşayan insanların emosional və
fiziki mərhələləri, eləcə də böhrana müxtəlif reaksiyalar barədə məlumat
ötürmüşdür. Təlimin özəyini İlkin
Psixoloji Yardımın üç əsas hərəkət prinsipi təşkil etmişdir:· Diqqət yetir: Təhlükəsizliyin
qiymətləndirilməsi, təcili aşkar ehtiyacları olan və şiddətli distress
reaksiyaları göstərən insanların müəyyən edilməsi;· Dinlə:
Ehtiyac sahiblərinə yaxınlaşma, onların ehtiyac və narahatlıqlarını soruşma,
həmçinin onları sakitləşdirmək üçün fəal dinləmə metodlarının tətbiqi;· Əlaqələndir: İnsanlara əsas
ehtiyaclarına (su, qida, sığınacaq) çatmaqda kömək etmə, yaxınları ilə əlaqə
qurmalarını təmin etmə və onları rəsmi dəstək mexanizmlərinə yönləndirmə. Günün ikinci yarısında
öyrənilənlər real ssenarilər və simulyasiyalarla möhkəmləndirilmiş, qrup
işlərində böhran reaksiyalarına yanaşma sınaqdan keçirilmiş, “Dəstəyi hiss et”
məşqi ilə empatiya inkişaf etdirilmiş, uşaqlar üçün İPY-nin xüsusiyyətləri və
yaşa uyğun ünsiyyət strategiyaları müzakirə edilmişdir. Başqalarına kömək
edərkən tükənməmək və psixoloji dayanıqlığı qorumaq, İPY-nin ən mühüm
şərtlərindən biridir. Bu səbəbdən proqramın yekun hissəsi "Özünə
qayğı" mövzusuna həsr olunmuşdur. Könüllü və işçilərin öz stress səviyyələrini
idarə etməsi, humanitar fəaliyyət zamanı psixoloji gigiyenanı qoruması və
ikincili travmalardan yayınması üçün effektiv metodlar tədris edilmişdir. İntensiv və interaktiv
keçən təlimin sonunda iştirakçılar tərəfindən yekun qiymətləndirilmə aparılmış,
qazanılmış bilik və bacarıqların sahə fəaliyyətində tətbiqi imkanlarına dair
rəy və təkliflər dinlənilmişdir. Bu təlim sayəsində
Qızıl Aypara Cəmiyyətinin potensialı daha da güclənmiş, böhran vəziyyətlərində
icmalara peşəkar, humanist və çevik humanitar dəstək göstərməyə hazır olan yeni
bir mütəxəssis heyəti formalaşdırılmışdır.