AzQAC-ın könüllüləri və işçiləri üçün təşkil olunmuş bir günlük 'İlkin Psixoloji Yardımın (İPY) əsasları' təlimi öz işini başa vurub

Əsas səhifə / XƏBƏRLƏR / AzQAC-ın könüllüləri və işçiləri üçün təşkil olunmuş bir günlük 'İlkin Psixoloji Yardımın (İPY) əsasları' təlimi öz işini başa vurub

2026-cı il noyabrın 6-də “SAFER-AZ proqramı: Azərbaycanda təhlükəsiz və dayanıqlı icmalar – Proqnozlaşdırma, Erkən fəaliyyət və Dayanıqlılığın gücləndirilməsi” çərçivəsində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) könüllüləri və işçiləri (Bərdə RB, Tovuz RB, Qazax RB, İsmayıllı RB) üçün keçirilən son bir günlük "İlkin Psixoloji Yardımın (İPY) əsasları" təlimi uğurla yekunlaşdırılmışdır. Təlim Bərdədə, “Şuça” otelində təşkil edilmişdir. Təlimin əsnasında iştirakçılara böhran anlarında psixoloji dəstək göstərmək üçün fundamental bacarıqlar aşılanmışdır.
 
Qeyd edək ki, SAFER-AZ proqramı Avropa İttifaqının maliyyə dəstəyi ilə AzQAC və Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası (Beynəlxalq Federasiya) tərəfindən birgə icra olunur.
 
Ənənəvi olaraq, sessiyanın başlanğıcında iştirakçılara bir-birləri ilə tanış olmaq və təlimlə bağlı gözləntilərini ifadə etmək üçün geniş imkan yaradılmışdır. Beynəlxalq Federasiyanın psixososial dəstək üzrə məsləhətçisi Olqa Rusakovanın təqdimatında keçən ilk sessiyalarda İPY-nin tərifi izah olunmuş, interaktiv praktiki məşqlər icra edilmişdir. Könüllülərə böhran reaksiyaları, stressin emosional və fiziki mərhələləri barədə zəruri biliklər aşılanmışdır.
 
Təlimin əsasını İPY-nin üç fundamental hərəkət prinsipi təşkil etmişdir:
• Diqqət yetir: Təhlükəsizliyin qiymətləndirilməsi, təcili ehtiyacı olan və kəskin stress keçirən şəxslərin müəyyən edilməsi.
• Dinlə: Ehtiyac sahibləri ilə kommunikasiya qurulması, fəal dinləmə və onları sakitləşdirmək üçün dəstəyin göstərilməsi.
• Əlaqələndir: Əsas ehtiyacların (su, qida, sığınacaq) təmini, yaxınlarla əlaqənin qurulması və rəsmi dəstək mexanizmlərinə yönləndirmə.
 
Praktiki mərhələdə iştirakçılar simulyasiyalar və qrup işləri vasitəsilə böhran reaksiyalarını idarə etməyi, eləcə də uşaqlar üçün İPY xüsusiyyətlərini sınaqdan keçiriblər. Təlimin mühüm hissəsi olan "Özünə qayğı" sessiyasında isə könüllü və işçilərin stressi idarə etməsi, humanitar fəaliyyətdə tükənməməsi, psixoloji gigiyenanı qoruması və ikincili travmalardan yayınması üçün effektiv metodlar aşılanıb.
 
Təlim iştirakçıların yekun qiymətləndirilməsi və sahə fəaliyyəti ilə bağlı təkliflərinin dinlənilməsi ilə başa çatmışdır.
 
Proqram sayəsində Qızıl Aypara Cəmiyyəti böhran vəziyyətlərində icmalara effektiv, humanist və peşəkar dəstək göstərə biləcək yeni bir potensiallı mütəxəssis bazası qazanmışdır.