SAFER-AZ proqramı çərçivəsində görüş

Əsas səhifə / XƏBƏRLƏR / SAFER-AZ proqramı çərçivəsində görüş

    2026-cı il noyabrın 11-də Siyəzən rayonunun Həmyə kəndində SAFER-AZ proqramı çərçivəsində icma qrupu ilə məlumatlandırma və məsləhətləşmə görüşü keçirilmişdir.
      Üç saat davam edən görüşün şüarı “Daha hazırlıqlı və təhlükəsiz icmalar” olmuşdur. Tədbirin əsas məqsədi SAFER-AZ proqramını və onun fəaliyyət istiqamətlərini təqdim etmək, yerli risklər və icmanın mövcud potensialı barədə ilkin məlumat toplamaq, həmçinin, icmanın layihə prosesində fəal iştirakını və gələcək əməkdaşlığı təşviq etmək olmuşdur.
      Görüş iştirakçıların qeydiyyatı və təqdimatı ilə başlamışdır. Açılış hissəsində Həmyə kəndinin icra nümayəndəsi qonaqları salamlayaraq irəli sürülən təşəbbüsün vacibliyini vurğulamış və icma üzvlərini tədbirdə fəal iştirak etməyə dəvət etmişdir.
      Açılışın ardından AzQAC-ın nümayəndə heyəti Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı, eləcə də Hərəkat daxilində icmalarla aparılan işlər barədə ətraflı məlumat vermişdir. Daha sonra Beynəlxalq Federasiyanın əməkdaşları tərəfindən SAFER-AZ proqramına dair təqdimat keçirilmişdir. Çıxışlarda proqramın uğurla icra olunması üçün məhz icma üzvlərinin təşəbbüskarlığının əsas rol oynadığı xüsusi qeyd edilmişdir.
      Təqdimatlar və verilən izahatlar əsasında icma üzvləri ilə aşağıdakı mövzular üzrə ətraflı müzakirələr aparıldımışdır:
• icmanın risklərinin qiymətləndirilməsi, planlaşdırma və hazırlıq prosesində iştirakı;
• yerli təhlükələr, risk altında olan qruplar və mövcud potensial;
• erkən xəbərdarlıq, erkən fəaliyyət və icma hazırlıq planları.
 
      Şifahi sorğular əsasında keçirilən müzakirələrdə iştirakçılara Həmyə kəndi, sakinlərin üzləşdiyi təbii fəlakətlər və hansı təhlükələrin daha çox risk yaratdığı barədə məlumatları bölüşmək imkanı yaradılmışdır. Eyni zamanda, mövcud xəbərdarlıq sistemi, fəlakətlərə qarşı hazırlıq səviyyəsi, həssas qruplar (kimin daha çətin vəziyyətdə qala biləcəyi) və icmanın malik olduğu potensial imkanları araşdırılaraq iştirakçıların rəy və təklifləri toplanılmışdır.
 
     Təşkilatçılar vurğulamışlar ki, bu görüş ilkin məlumatlandırma və məsləhətləşmə xarakteri daşıyır. Hər bir icmada gələcəkdə görüləcək fəaliyyətlər məhz yerli risklərin təhlili, birgə məsləhətləşmələr və mövcud resurslar əsasında müəyyən olunacaqdır. Beləliklə, keçirilən bu tədbir gələcək birgə fəaliyyət planının qurulması üçün mühüm başlanğıc olmuşdur.
 
     Görüşün sonunda icma üzvləri belə aktual və həyati əhəmiyyətli mövzuya diqqət ayırdıqlarına, kənd sakinlərinin rəy və təkliflərini dinlədiklərinə görə təşkilatçılara dərin təşəkkürlərini bildirmişlər. Bütün iştirakçılar bu cür maarifləndirici təşəbbüslərin icmanın təhlükəsizliyi və fəlakətlərə hazırlığı baxımından müstəsna rol oynadığını qeyd edərək, proqram çərçivəsində keçiriləcək növbəti mərhələlərdə, təlim və görüşlərdə də böyük məmnuniyyətlə və fəal şəkildə iştirak etmək arzularını ifadə etdilər.
 
     Görüşdə icma üzvləri (Həmyə kəndinin sakinləri), kənd icra nümayəndəliyi və bələdiyyəsinin təmsilçiləri, eləcə də Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) və Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının (BQXQAF) əməkdaşları iştirak etmişlər.