SAFER-AZ programı çərçivəsində icma qrupları ilə İsmayıllının Cülyan və Xanəgah kəndlərində növbəti məlumatlandırma və məsləhətləşmə görüşləri keçirildi

Əsas səhifə / XƏBƏRLƏR / SAFER-AZ programı çərçivəsində icma qrupları ilə İsmayıllının Cülyan və Xanəgah kəndlərində növbəti məlumatlandırma və məsləhətləşmə görüşləri keçirildi

    2026-cı il noyabrın 12 və 13-də İsmayıllı rayonunun  Cülyan və Xanəgah kəndlərində SAFER-AZ proqramı çərçivəsində icma qrupları ilə növbəti məlumatlandırma və məsləhətləşmə görüşü keçirilmişdir. Görüşdə icma üzvləri (Cülyan və Xanəgah kəndlərin sakinləri), kənd icra nümayəndələri və bələdiyyə təmsilçiləri, FHN-nin, Rayon  Su Meliorasiya Xidmətinin nümayəndələri, Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) və Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının (BQXQAF) əməkdaşları və könüllüləri iştirak etmişlər.
 
    “Daha hazırlıqlı və təhlükəsiz icmalar” devizi altında üç saat davam edən tədbir SAFER-AZ proqramının mahiyyətini və əsas iş istiqamətlərini yerli əhaliyə çatdırmaq, bölgəyə xas risklər və mövcud imkanlar barədə ilkin təsəvvür formalaşdırmaq, eləcə də gələcək əməkdaşlığa zəmin yaratmaq məqsədi daşımışdır.
 
    İştirakçıların qeydiyyatı və qarşılıqlı tanışlıqla start götürən görüşün rəsmi hissəsində Cülyan və Xanəgah kəndlərinin icra nümayəndələri çıxış edərək qonaqları salamlamış, bu təşəbbüsün yerli əhali üçün strateji əhəmiyyətindən danışmış və sakinləri prosesdə yaxından iştirak etməyə səsləmişlər.
 
    Ardınca AzQAC təmsilçiləri Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının humanitar missiyası və icma əsaslı layihələri,  bir sıra anlayışlar (risk, qəza, fövqəladə hall, fəlakət) barədə məlumat vermiş, Beynəlxalq Federasiyanın mütəxəssisləri isə SAFER-AZ proqramının detallarını təqdim etmişlər. Çıxışlarda layihənin uğur qazanmasının birbaşa icma üzvlərinin fəallığından və təşəbbüskarlığından asılı olduğu ön plana çəkilmişlər.
 
    Təqdimatlardan sonra tədbir interaktiv müzakirələr formatında davam etmiş və əsas diqqət aşağıdakı istiqamətlərə yönəldilmişdir:
• Risklərin qiymətləndirilməsi və hazırlıq tədbirlərinin planlaşdırılmasında icmanın rolu;
• Yerli xarakterli təhlükələr, daha həssas əhali qrupları və icmadaxili resurslar;
• Erkən xəbərdarlıq mexanizmləri, qabaqlayıcı fəaliyyətlər və icma hazırlıq planlarının tərtibi.
 
    Sərbəst dialoq və şifahi sorğu əsasında sakinlər Cülyan və Xanəgah kəndlərinin üzləşdiyi təbii fəlakətlər, ən yüksək risk yaradan amillər və mövcud xəbərdarlıq sistemləri barədə öz təcrübələrini bölüşmüşlər. Eyni zamanda, icmanın hazırlıq səviyyəsi, böhran anlarında daha çox dəstəyə ehtiyacı olan həssas təbəqələr və yerli imkanlar dəyərləndirilərək iştirakçıların rəy və təklifləri qeydə alınmışdır.
 
    Təşkilatçılar bu toplantının ilkin tanışlıq və məsləhətləşmə xarakteri daşıdığını diqqətə çatdırmışlar. Bildirilmişdir ki, növbəti mərhələlərdə fəaliyyətlər məhz yerli risklərin dərin təhlili, qarşılıqlı məsləhətləşmələr və mövcud imkanlar nəzərə alınmaqla formalaşdırılacaqdır. Bu baxımdan, baş tutan görüş gələcək birgə iş planının təməlini qoymuşdur.
 
    Səmimi mühitdə yekunlaşan tədbirin sonunda kənd sakinləri həyati əhəmiyyət daşıyan bu məsələyə göstərilən diqqətə və fikir mübadiləsinə görə təşkilatçılara minnətdarlıqlarını bildirmişlər. İştirakçılar bu tip maarifləndirici proqramların icma təhlükəsizliyinin təminatında mühüm yer tutduğunu vurğulayaraq, növbəti təlim və görüşlərə də böyük həvəslə qoşulacaqlarını vurğulamışdırlar.