“Mina və digər partlayıcı sursatların yaratdığı təhlükəyə” dair maarifləndirmə təliminə start verildi

Əsas səhifə / XƏBƏRLƏR / “Mina və digər partlayıcı sursatların yaratdığı təhlükəyə” dair maarifləndirmə təliminə start verildi

    2026-cı ilin noyabr ayının 17-də Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) və Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Beynəlxalq Federasiyasının (Beynəlxalq Federasiya) birgə həyata keçirdiyi və Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “SAFER-AZ” proqramı (Azərbaycanda təhlükəsiz və dayanıqlı icmalar – Proqnozlaşdırma, Erkən fəaliyyət və Dayanıqlılığın gücləndirilməsi) çərçivəsində “Mina və digər partlayıcı sursatların yaratdığı təhlükəsi” mövzusunda dörd günlük maarifləndirmə təliminə start verildi. Təlim Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) ilə birgə Hyatt Regency otelində keçirilir.
    Təlimin açılış mərasimində AzQAC-ın İcraçı katibinin müavini, Miqrasiya şöbəsinin müdiri, Mina və partlamamış hərbi sursatların təhlükələrinə dair maarifləndirmə layihəsinin koordinatoru Məmməd Katanov giriş sözü ilə çıxış edərək tədbiri açıq elan etmişdir. O, AzQAC ilə ANAMA arasındakı uzunmüddətli və səmərəli əməkdaşlığı vurğulamış, Cəmiyyət tərəfindən mina təhlükəsizliyi üzrə maarifləndirmə sahəsində həyata keçirilən fəaliyyətlərdən söz açmışdır.
    Daha sonra çıxış edən AzQAC-ın İcraçı katibinin müavini, Sağlamlıq və qayğı şöbəsinin müdiri, SAFER-AZ proqramının meneceri Səbinə Məhbubi-İran tədbirin “SAFER-AZ” (Azərbaycanda təhlükəsiz və dayanıqlı icmalar: Proqnozlaşdırma, Erkən fəaliyyət və Dayanıqlılığın gücləndirilməsi) proqramı çərçivəsində təşkil edildiyini bildirmiş, bu istiqamətin layihənin mühüm və aktual komponentlərindən biri olduğunu vurğulamışdır. O qeyd etmişdir ki, SAFER-AZ proqramının əsas mahiyyəti dövlət qurumları ilə sıx əməkdaşlıq formatında fəaliyyət göstərmək, eləcə də əldə olunan bilik, bacarıq və tövsiyələr əsasında icmalara zəruri məlumatların ötürülməsini təmin etməkdir.
    Tədbir iştirakçıları qarşısında çıxış edən ANAMA-nın Maarifləndirmə və zərərçəkənlərlə iş şöbəsinin müdiri Ramil Əzizov mövzunun həyati əhəmiyyətini xüsusi vurğulamış, real təcrübədə baş vermiş hadisələrdə diqqətçəkən nümunələrdən danışmışdır. O, mina və partlamamış hərbi sursatlarla bağlı bilik və bacarıqlara yiyələnməyin vacibliyini qeyd edərək, bu maarifləndirici məlumatların icmalar arasında dəqiq və düzgün şəkildə yayılmasına xüsusi diqqət yetirməyə çağırmışdır.
    Beynəlxalq Federasiyanın ölkə nümayəndəliyinin rəhbəri Aleksandr Mordovin iştirakçıları salamlayaraq bildirmişdir ki, SAFER-AZ proqramı əsasən təbii fəlakətlərdən təsirlənən icmaların təhlükəsizliyi və dayanıqlığının gücləndirilməsinə yönəlsə də, Azərbaycan üçün aktual olan mina və partlamamış hərbi sursatlar təhlükəsinin də layihəyə daxil edilməsi mühüm əhəmiyyət daşıyır. O vurğulamışdır ki, Beynəlxalq Federasiya bu istiqamətdə AzQAC-ı dəstəkləməyə və ölkə daxilində müxtəlif növ fəlakətlər zamanı insanların təhlükəsizliyinin qorunmasına öz töhfəsini verməyə hər zaman hazırdır.
    Rəsmi çıxışlar yekunlaşdıqdan sonra söz tədbirin aparıcı təlimçiləri, ANAMA-nın Maarifləndirmə və zərərçəkənlərlə iş şöbəsinin baş mütəxəssisləri Ceyhun Quliyevə və Zamiq Aslanova verildi.  İlk gün iştirakçılar partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmənin (PSTM) əsaslarını öyrəndilər. Mövzular çərçivəsində iştirakçılara mina, partlamamış hərbi sursat (PHS) və tələ minanın nə olduğu, onların vurduğu ziyan və yaratdığı sosial-psixoloji nəticələr izah edildi. PSTM-in məqsədi və əsas təhlükəsizlik qaydaları müzakirə olundu. Günün ikinci hissəsində əsas təhlükəli ərazilər, risk kateqoriyaları və risklərlə bağlı davranış nəzərdən keçirildi. İştirakçılara tanış olmayan ərazilərdə davranış qaydaları, mina görüldükdə və ya təhlükəli əraziyə daxil olduqda “Nə etməli?” sualının cavabı çatdırıldı. Mina və PHS ilə bağlı geniş yayılmış yanlış fikirlər də ayrıca müzakirə mövzusu oldu.
    Təlimin növbəti günlərində minalanmış ərazilərin əlamətləri, rəsmi və qeyri-rəsmi xəbərdarlıq işarələri, çəpərləmə və maarifləndirici lövhələr öyrəniləcək. İştirakçılar mina və PHS nümunələri ilə, həmçinin tələ qurğuları və kustar üsulla hazırlanmış partlayıcılarla tanış olacaq, şübhəli əşyaya rast gəldikdə atılacaq addımları və işğaldan azad edilmiş ərazilərdə aşkar edilmiş xüsusi formaya salınmış partlayıcı sursatları və improvizə olunmuş partlayıcı qurğuları nəzərdən keçirəcəklər. Bədbəxt hadisələrin (insidentlərin) təhlili də proqrama daxil edilmişdir.
    Eyni zamanda iştirakçılara PSTM, zərərçəkmişlər və insident yerlərinə dair hesabat formaları, normativ qaydalar və işlərin izah olunması nəzərdə tutulur. Tamaşa, oyun və görüşlər kimi müxtəlif tədbirlər vasitəsilə davranış dəyişməsi üsulları təqdim ediləcək. İşğaldan azad edilmiş ərazilərdə əmək fəaliyyəti göstərən və həmin əraziyə səfər edən şəxslər üçün nəzərdə tutulmuş İltizamnamənin praktiki tətbiqi də izah olunacaq. Günün sonunda iştirakçıların bilikləri test vasitəsilə yoxlanılacaq.
    Təlimin son günü proqramın ümumi nəticələrinin təhlil edilməsi, əldə olunmuş biliklərin xülasələşdirilməsi, gələcək fəaliyyət planlarının müzakirəsi və kursu müvəffəqiyyətlə başa vuran iştirakçıların rəsmi sertifikatlarla təltif olunması ilə yekunlaşacaqdır.