“Mina və digər partlayıcı sursatların yaratdığı təhlükəyə” dair maarifləndirmə təlimi uğurla başa çatdı

Əsas səhifə / XƏBƏRLƏR / “Mina və digər partlayıcı sursatların yaratdığı təhlükəyə” dair maarifləndirmə təlimi uğurla başa çatdı

2026-cı il noyabrın 20-də Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) mütəxəssisləri tərəfindən “Mina və digər partlayıcı sursatların yaratdığı təhlükəyə” dair mövzusunda keçirilmiş maarifləndirmə təlimi uğurla başa çatdı.

Xatırladaq ki, adı çəkilən tədbir AzQAC və Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının (Beynəlxalq Federasiya) birgə həyata keçirdiyi və Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “SAFER-AZ” proqramı (Azərbaycanda təhlükəsiz və dayanıqlı icmalar – Proqnozlaşdırma, Erkən fəaliyyət və Dayanıqlılığın gücləndirilməsi) çərçivəsində təşkil edilmişdir.

İşgüzar şəraitdə təşkil olunan maarifləndirmə təlimi könüllülərin mövcud bilik və bacarıqlarının yenilənməsi, eləcə də müşahidə etdikləri hallar üzrə praktiki vərdişlərinin təkmilləşdirməsi üçün mühüm fürsət oldu. Nəzəriyyə ilə praktiki nümayişlərin bir arada təqdim olunduğu bu təlimdə könüllülər partlayıcı sursatların növlərini tanımaq, təhlükəli əraziləri müəyyən edən xəbərdarlıq nişanlarını ayırd etmək və şübhəli əşyalarla rastlaşdıqda düzgün davranış qaydalarını tətbiq etmək üzrə dəyərli təcrübə qazandılar.

Eyni zamanda təlimi başa çatdıraraq, iştirakçıların bilikləri test vasitəsilə yoxlanılmış və iştirakçılar tərəfindən geniş şəkildə maariflənidrmənin aparılmasına dair maraqlı təkliflər verilmişdir. Qeyd olunmuşdur ki, əhali və yerli icmalarla keçirilən tədbirlərdə ilkin hazırlıq, auditoriyanın yaş və sosial tərkibinin nəzərə alınması, eləcə də məlumatların sadə və anlaşılan dildə çatdırılması maarifləndirmə işinin effektivliyini artıran əsas amillərdir.

Təlimin yekun mərhələsi olaraq bütün iştirakçıların fəal cəlb olunması ilə proqramın ümumi nəticələri hərtərəfli təhlil edildi, təlim müddətində əldə olunmuş nəzəri biliklər və praktiki təcrübələr sistemli şəkildə ümumiləşdirildi. Eyni zamanda, qazanılmış təcrübənin yerlərdə tətbiqi və gələcək fəaliyyət planları ətrafında səmərəli fikir mübadiləsi aparıldı. Tədbirin sonunda təlim proqramını müvəffəqiyyətlə başa vuran və qiymətləndirmədən uğurla keçən iştirakçılara rəsmi sertifikatlar təqdim olundu.

Tədbirin yekununda çıxış edən Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC), ANAMA-nın və Beynəlxalq Federasiyanın rəsmiləri, eləcə də AzQAC könüllüləri yüksək səviyyədə və peşəkarlıqla təşkil olunmuş təlimə görə dərin minnətdarlıqlarını ifadə etmişlər. Çıxışlarda maarifləndirici təşəbbüslərin ictimai təhlükəsizliyin təmin olunmasında və könüllülərin potensialının gücləndirilməsində mühüm rol oynadığı xüsusi vurğulanmışdır. Eyni zamanda, tərəflər arasında mövcud olan səmərəli əməkdaşlığın gələcəkdə daha da genişləndirilməsinə, birgə layihələrin və təlimlərin davamlı şəkildə həyata keçirilməsinə dair xoş arzular və məmnunluq ifadı olunmuşdur.